BAAK-da 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərin sədası” adlı bədii və intellektual tədbir keçirilmişdir.
Tədbirin əsas məqsədi tələbələrdə vətənpərvərlik ruhunun yüksəldilməsi, şanlı Zəfər tariximizin təbliği, eyni zamanda onların yaradıcılıq və intellektual bacarıqlarının üzə çıxarılması olmuşdur.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. Rəsmi hissədə çıxış edən rəhbər şəxslər və qonaqlar 8 Noyabr – Zəfər Gününün xalqımız üçün müstəsna əhəmiyyət daşıdığını vurğulamış, Qələbənin milli birlik, həmrəylik və Ali Baş Komandanın qətiyyətli rəhbərliyi sayəsində əldə olunduğunu qeyd etmişlər.
Bədii hissədə tələbələrin ifasında vətənpərvərlik ruhunda musiqi nömrələri və rəqs kompozisiyaları təqdim olunmuş, çıxışlar iştirakçılar tərəfindən böyük maraq və alqışla qarşılanmışdır. Daha sonra tələbələrin hazırladıqları əl işlərindən ibarət sərgi nümayiş etdirilmişdir. Sərgidə Vətən müharibəsi mövzusunu əks etdirən rəsmlər, dekorativ-tətbiqi sənət nümunələri və müxtəlif yaradıcılıq işləri yer almışdır.
Tədbirin ikinci hissəsi intellektual yarışla davam etmişdir. Beş nəfərlik komandalar arasında keçirilən yarışda iştirakçılar tariximiz, Vətən müharibəsi və ümumi dünyagörüşünü əhatə edən suallar üzrə bilik və məntiq bacarıqlarını nümayiş etdirmişlər. Gərgin və maraqlı keçən yarışın yekununda qalib komandalar sertifikat və fəxri fərmanlarla təltif olunmuşdur.
Tədbirdə Vətən müharibəsi iştirakçıları da iştirak etmiş, onların çıxışları və xatirələri tədbirə xüsusi məna və qürur hissi bəxş etmişdir.
“Zəfərin sədası” tədbiri həm mənəvi, həm də maarifləndirici baxımdan əhəmiyyətli olmuş, iştirakçılarda yüksək ruh yüksəkliyi və vətənə bağlılıq hissini daha da gücləndirmişdir.