Bakı Avrasiya Akademik Kollecində “Çəhrayı günlər” adlı Xərçənglə Mübarizəyə Dəstək tədbiri təşkil olunub.
Maarifləndirici və sosial məsuliyyət yönümlü tədbirin əsas məqsədi xərçənglə mübarizədə həmrəyliyin gücləndirilməsi, erkən diaqnostikanın əhəmiyyəti və psixoloji dəstəyin rolu barədə tələbələri məlumatlandırmaq olub.
Tədbir Tədris şöbəsinin müdiri Həyat Əliyevanın açılış nitqi ilə başlayıb. O, çıxışında xərçəng xəstəliyinə qarşı mübarizədə cəmiyyətin birgə mövqeyinin, sosial dəstəyin və maarifləndirmənin vacibliyini vurğulayıb, bu kimi təşəbbüslərin gənclərin sağlam həyat tərzinin formalaşmasına töhfə verdiyini bildirib.
Mövzu üzrə dəvət olunan qonaqlar – Azərbaycan Tibb Universiteti və Türk American Medical Center-in onkoloqu Dr. Təhminə Kosayeva və Psychological Wellness Clinic-in təsisçi rəhbəri, klinik psixoloq Nərmin Quliyeva çıxış edərək xərçənglə mübarizədə bilik, motivasiya və psixoloji dayanıqlılığın önəmini xüsusi qeyd ediblər.
Dr. Təhminə Kosayeva erkən müayinələrin və müasir tibbin imkanlarının həyat qurtaran rolundan danışaraq, düzgün məlumatlanmanın xəstəliyin qarşısının alınmasında mühüm amil olduğunu diqqətə çatdırıb. Nərmin Quliyeva isə xəstəliklə mübarizədə psixoloji dəstəyin, ailə və sosial mühitin rolunu ön plana çəkərək, mənəvi gücün sağalma prosesində əhəmiyyətini vurğulayıb.
Çıxışlar tələbələr tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.
Tədbirin sonunda xərçənglə mübarizədə maarifləndirmə və sosial həssaslığın artırılmasının vacibliyi bir daha qeyd olunub, bu istiqamətdə təşəbbüslərin davam etdiriləcəyi bildirilib.