Bakı Avrasiya Kollecində fövqəladə hallar zamanı düzgün davranış qaydalarının aşılanması məqsədilə “Yanğın təhlükəsizliyi” mövzusunda maarifləndirici təlim keçirilib.
Təlimdə kollec əməkdaşları, inzibati rəhbər heyət və tələbələr iştirak edərək fövqəladə vəziyyətlərdə operativ və düzgün hərəkət etməyin yollarını praktiki şəkildə öyrəniblər. Tədbir çərçivəsində yanğın risklərinin yaranma səbəbləri, ilkin müdaxilə üsulları, təxliyə planı və təhlükəsiz toplaşma qaydaları barədə ətraflı məlumat verilib. İştirakçılara bildirilib ki, fövqəladə hallarda soyuqqanlı davranış, düzgün istiqamətləndirmə və ilkin təhlükəsizlik tədbirlərinin görülməsi insan həyatının qorunmasında həlledici rol oynayır.
Təlim Risk and Healt MMC – Əməyin Mühafizəsi Xidmətlərinin direktoru Rövşən Hacıyev tərəfindən aparılıb. O, yanğınsöndürmə balonunun işə salınma qaydasını, istifadə prinsiplərini və tətbiq sahələrini real nümunələr əsasında nümayiş etdirib. Eyni zamanda videoçarxlar vasitəsilə müxtəlif yanğın ssenariləri təqdim olunaraq praktik biliklər iştirakçılara əyani şəkildə çatdırılıb.
Praktiki hissədə iştirakçılar yanğınsöndürmə balonundan istifadə qaydalarını tətbiq edərək ilkin müdaxilə bacarıqlarını sınaqdan keçiriblər. Təlim zamanı təhlükəsizlik texnikasına əməl olunmasının vacibliyi xüsusi vurğulanıb.
Bu kimi maarifləndirici tədbirlərin təşkili kollecdə təhlükəsizlik mədəniyyətinin formalaşdırılmasına, fövqəladə hallara hazırlıq səviyyəsinin artırılmasına və insan həyatının qorunmasına mühüm töhfə verir.