Tədbirin əsas məqsədi gənclərin zərərli vərdişlərdən qorunması, onların sağlam həyat tərzinə təşviq edilməsi və narkotiklərin cəmiyyət üçün yaratdığı təhlükələr barədə ətraflı məlumatlandırılması olub.

Tədbiri giriş sözü ilə açan tədris işləri üzrə direktor müavini Paşa Məmmədov narkomanlığın müasir dövrdə bəşəriyyət üçün ciddi sosial problem olduğunu vurğulayıb. O, xüsusilə gənclərin bu təhlükədən qorunmasında maarifləndirmə tədbirlərinin əhəmiyyətini qeyd edərək, tələbələri sağlam və məsuliyyətli həyat tərzi seçməyə çağırıb.

Daha sonra Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun məsul əməkdaşı Vasif Quliyev çıxış edərək narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı ölkəmizdə həyata keçirilən tədbirlər, mövcud qanunvericilik bazası və profilaktik işlər barədə ətraflı məlumat verib. O, narkotiklərin yayılmasının qarşısının alınmasında təhsil müəssisələrinin rolunun xüsusi əhəmiyyət daşıdığını bildirib.

Tədbirdə həmçinin Bakı şəhəri Narkoloji Mərkəzin həkim-psixoloqu Fidan Ataxanlı çıxış edərək narkotik vasitələrin insan sağlamlığına vurduğu zərərlər, asılılığın yaranma səbəbləri və onun sosial-psixoloji fəsadları barədə danışıb. O, narkotik asılılığının təkcə fərdi deyil, ailə və cəmiyyət üçün də ciddi problemlər yaratdığını diqqətə çatdırıb, erkən müdaxilə və psixoloji dəstəyin vacibliyini vurğulayıb.

Çıxışlar zamanı tələbələrə narkotiklərin fiziki və psixoloji təsirləri, asılılıq mexanizmi, risk faktorları və qorunma yolları barədə ətraflı məlumat təqdim olunub, onları maraqlandıran suallar cavablandırılıb.

Maarifləndirici tədbirin sonunda tələbələrə zərərli vərdişlərdən uzaq durmağın, sağlam həyat tərzinin təbliğinin və hüquqi məsuliyyət məsələlərinin vacibliyi bir daha xatırladılıb.