Bakı Avrasiya Universiteti (BAAU), Ahəng Psixoloji İnkişaf və Dəstək İctimai Birliyi, QAPI Psixologiya və İnkişaf Mərkəzi və tərəfdaş qurumların birgə təşkilatçılığı ilə Bakı Avrasiya Kollecində psixoloji biliklərin genişləndirilməsi və sosial dinamikaların elmi müzakirəsi məqsədilə “İnsan Kapitalı Forumu” keçirilib.
Forumun moderatorluğunu psixoloji sahədə fəaliyyət göstərən Sevinc Burzuyeva həyata keçirib. Tədbirin əsas məqsədi insan kapitalının inkişafında psixoloji amillərin rolunu elmi əsaslarla təhlil etmək, iştirakçılar arasında bilik və təcrübə mübadiləsini gücləndirmək olub.
Forumun açılış hissəsində klinik psixoloq Heyran İbrahim “Asılılıqların psixologiyası” mövzusunda geniş elmi məruzə ilə çıxış edib. O, davranış və maddə asılılıqlarının psixodinamik əsaslarını, asılı şəxslərdə müşahidə olunan psixoloji müdafiə mexanizmlərini, ailə mühitinin və sosial faktorların asılılıq prosesinə təsir mexanizmlərini elmi faktlar əsasında şərh edib. Məruzəçi erkən diaqnozun, effektiv psixoterapevtik müdaxilələrin və psixo-sosial reabilitasiya modelinin vacibliyini xüsusi vurğulayıb.
Forum çərçivəsində yazıçı və psixoloq İlqar Kamil “Həqiqi olmaq” mövzusu ilə çıxış edərək insanın özünüdərk prosesi, “gerçək mən” anlayışının formalaşması və sosial rolların fərdin daxili azadlığına təsiri barədə fikirlərini bölüşüb. O, psixoloji bütövlüyə gedən yolun həm nəzəri, həm də praktik aspektlərini iştirakçıların diqqətinə çatdırıb.
Ailə və uşaq psixoloqu Vüsalə Əmiraslanova isə “Ünsiyyət psixologiyası” mövzusunda təqdimatla çıxış edib. O, kommunikasiya prosesində baş verən psixoloji mexanizmləri, ailədaxili ünsiyyətin emosional mahiyyətini, konfliktlərin psixoloji köklərini və sağlam ünsiyyət modellərini elmi yanaşma əsasında təhlil edib. Eyni zamanda, yeniyetmələrlə ünsiyyətdə effektiv davranış strategiyaları və emosional tənzimləmə üsulları barədə praktik tövsiyələr verib.
Tədbirdə iştirak edən tanınmış psixoloqlar və mütəxəssislər cəmiyyətin psixoloji rifahının artırılmasına xidmət edən aktual mövzular ətrafında çıxışlar ediblər. Forum interaktiv müzakirələrlə davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, bu cür elmi-praktik platformaların təşkili tələbələrin psixoloji savadlılığının artırılması, sağlam sosial münasibətlərin formalaşdırılması və insan kapitalının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.