Bakı Avrasiya Kollecində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə maraqlı və faydalı bir maarifləndirici görüş baş tutub. Tədbirə tələbələr və inzibati heyət üzvləri qatılıb. Görüşün əsas mövzusu, şəxsi maliyyə idarəçiliyi olub və bu sahədə əhəmiyyətli məlumatlar təqdim edilib.
Maliyyə mütəxəssisi Fərhad Pərvizi iştirakçılara "Şəxsi Büdcənin Planlaşdırılması və Düzgün Bölüşdürülməsi" mövzusunda ətraflı təqdimat keçirib. Fərhad Pərvizi şəxsi büdcənin necə düzgün şəkildə idarə olunması, gəlir və xərclərin balanslaşdırılması və maliyyə məqsədlərinə çatmaq üçün lazımlı strategiyalar barədə praktiki tövsiyələr verib.
Təqdimat zamanı, maliyyə savadlığını artırmaq və şəxsi büdcənin effektiv idarə olunması barədə vacib anlayışlar müzakirə edilib. İştirakçılar, həm şəxsi həyatlarında, həm də professional fəaliyyətlərində maliyyə idarəçiliyi ilə bağlı daha məlumatlı qərarlar qəbul etmək üçün əhəmiyyətli biliklər əldə ediblər.
Tədbir iştirakçılara yalnız nəzəri biliklərlə deyil, həm də real həyatda tətbiq oluna biləcək praktiki üsullarla dolu oldu. Fərhad Pərvizi hər bir gəncin maliyyə planlaşdırılmasında doğru addımlar atmasının vacibliyini vurğuladı və bu sahədə özünü inkişaf etdirmək istəyən hər kəsə tövsiyələrini təqdim etdi.
Bakı Avrasiya Kollecində təşkil olunan bu cür maarifləndirici tədbirlər, tələbələrin maliyyə savadlığını artırmağa və onların gələcəkdə daha düzgün maliyyə qərarları qəbul etmələrinə kömək edir.