Kollecdə müəllim Esmira Kazımovanın təşkilatçılığı ilə “Sığorta işi” ixtisası üzrə II kurs tələbələri üçün maarifləndirici görüş təşkil olunub. Tədbirdə “Atəşgah” Sığorta ASC-nin Pərakəndə Satışların İnkişafı Departamentinin şöbə müdiri Eltac İsmayılov və Sığorta məsləhətçilərinin hazırlanması üzrə aparıcı mütəxəssis Murad Nəzərov, həmçinin sığorta məsləhətçisi Nəzrin Ağalarlı qonaq qismində iştirak ediblər.

Görüş zamanı tələbələr sığorta sahəsinin real iş mühiti ilə daha yaxından tanış olub, peşə fəaliyyətində vacib sayılan məqamlar barədə ətraflı məlumat əldə ediblər. Çıxış edən mütəxəssislər müştəri ilə düzgün ünsiyyət qurmağın, onların ehtiyaclarını dəqiq müəyyənləşdirməyin, sığorta məhsullarını düzgün təqdim edib izah etməyin vacibliyini vurğulayıblar.

Bununla yanaşı, müqavilə şərtlərinin dərindən bilinməsi, sənədləşmə prosesində diqqətli olmaq, vaxtın düzgün idarə olunması, planlı fəaliyyət və komanda ilə səmərəli əməkdaşlıq kimi məsələlər də diqqət mərkəzində olub. Satış bacarıqlarının inkişaf etdirilməsi isə bu sahədə uğurun əsas şərtlərindən biri kimi qeyd edilib.

Qeyd edilib ki, bu cür görüşlər tələbələrin gələcək peşə fəaliyyətinə hazırlığında mühüm rol oynayır, onların real iş mühiti barədə təsəvvürlərini genişləndirir və karyera seçimlərinə müsbət təsir göstərir.