Bakı Avrasiya Kolleci və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə tələbələr üçün infosessiya baş tutub. Tədbirdə “WUF13” əməliyyat şirkətinin kommunikasiya meneceri Emin Hüseynzadə çıxış edərək WUF13-ün qlobal əhəmiyyəti haqqında ətraflı məlumat verib.

Çıxışı zamanı qeyd olunub ki, Ümumdünya Şəhərsalma Forumu (WUF) 2001-ci ildə BMT tərəfindən təsis edilib və ilk dəfə 2002-ci ildə Keniyanın Nayrobi şəhərində keçirilib. Bu günədək müxtəlif qitələrdən yüz minlərlə iştirakçını bir araya gətirən forum şəhərlərin gələcəyi ilə bağlı mühüm beynəlxalq müzakirə platformasına çevrilib. Forumun Azərbaycanda keçirilməsi isə ölkəmiz üçün əhəmiyyətli beynəlxalq imkan kimi dəyərləndirilib.

Məlumata üçün forum 17–22 may tarixlərində Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Bakı Şəhərsalma Həftəsi çərçivəsində keçiriləcək tədbirlər gənclər üçün yeni imkanlar yaradacaq. Bu müddət ərzində tələbələr şəhər mühitinin təhlili, küçə hərəkətinin təşkili, xəritələşdirmə və şəhər planlaşdırılması istiqamətlərində ideyalar irəli sürərək şəhərlərin gələcək inkişafına töhfə vermək imkanı qazanacaqlar.

Sonda gənclər beynəlxalq platformalarda daha fəal iştirak etməyə çağırılıb.