Bakı Avrasiya Kollecində tələbələrin dil bacarıqlarını və dünya ədəbiyyatına olan marağını artırmaq məqsədilə maraqlı tədbir təşkil olunub. "Xarici dildə işgüzar və akademik kommunikasiya-2" fənni üzrə müəllim Nərminə Qazının rəhbərliyi ilə baş tutan tədbir Beynəlxalq İngilis Dili Günü və dahi dramaturq Uilyam Şekspirin doğum gününə həsr olunub.

Tədbir müddətində tələbələr müxtəlif mövzularda təqdimatlar və çıxışlar edərək özlərini sərbəst ifadə etmək bacarıqlarını göstəriblər.

Tədbirin ən yaddaqalan hissəsi tələbələrin U.Şekspirin məşhur "Othello" əsərindən bir parçanı səhnələşdirməsi olub. Tələbələr ingilis dilində çıxış edərək həm dil bacarıqlarını, həm də səhnə mədəniyyətlərini nümayiş etdiriblər. Onların obrazlara uyğun nitqi və bədən dili performansları izləyicilər tərəfindən maraqla qarşılanıb.

Açıq dərsdə Kollecin Tədris işləri üzrə direktor müavini Paşa Məmmədov, Tədris şöbəsinin müdiri Həyat Əliyeva və Ümumi təhsil və humanitar fənn birləşmə komissiyasının müdiri Samirə İsmayılova iştirak ediblər. Rəhbərlik tələbələrin ingilis dilində sərbəst çıxışlarını və yaradıcı yanaşmalarını yüksək qiymətləndirib.

Bu cür tədbirlərin keçirilməsi tələbələrin beynəlxalq ünsiyyət bacarıqlarının inkişafında və onların dünya klassikasına olan sevgisinin möhkəmlənməsində mühüm rol oynayır.