Bakı Avrasiya Kollecində 9 May – Faşizm üzərində Qələbə Gününə həsr olunmuş seminar keçirilib.

Ümumtəhsil və Humanitar fənn birləşmə komissiyasının müəllimi Şəhla Əmiraslanlı tərəfindən “Kargüzarlıq və arxiv işi“ ixtisasının Azərbaycan tarixi seminar dərsində Qələbə Günü münasibətilə İkinci Dünya Müharibəsi dövrünə aid mühüm tarixi məqamlara toxunulub.

  Seminar zamanı 9 May Qələbə Gününün tarixi əhəmiyyəti, faşizm üzərində qazanılan qələbədə Azərbaycan xalqının rolu və cəbhədə göstərilən qəhrəmanlıqlar xüsusi vurğulanıb. Bildirilib ki, xalqımız həm döyüş meydanında, həm də arxa cəbhədə böyük fədakarlıqlar göstərərək qələbənin əldə olunmasına mühüm töhfə verib.

  Eyni zamanda Azərbaycanın müharibədəki rolu, Bakı neftinin qələbəyə verdiyi töhfə, həmçinin xalqımızın göstərdiyi qəhrəmanlıqlar haqqında ətraflı məlumat verilib. Həzi Aslanov, İsrafil Məmmədov, Qafur Məmmədov, Ziya Bünyadov və digər qəhrəmanlarımızın şücaətindən bəhs olunub.

Tələbələr mövzunu maraqla qarşılayaraq müharibə illərinə dair araşdırmalarını və fikirlərini bölüşüblər.

Dərsdə Tədris işləri üzrə direktor müavini Paşa Məmmədov, Ümumtəhsil və Humanitar fənn birləşmə komissiyasının sədri Samirə İsmayılova iştirak ediblər.