Bakı Avrasiya Kollecində İSİM – İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təşkilatçılığı ilə “Sağlamlıq determinantları və tütünlə mübarizə strategiyaları” mövzusunda elmi-praktik tədbir keçirilmişdir. Tədbirin əsas məqsədi əhalinin sağlamlıq vəziyyətinə təsir edən sosial, iqtisadi və davranış faktorlarının təhlili, həmçinin tütün istifadəsinin qarşısının alınmasına yönəlmiş müasir yanaşmaların müzakirəsi olmuşdur.
Görüşdə Baş hüquqşünas Rüstəm Məmmədov və İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev iştirak edərək mövzu ətrafında geniş çıxışlar etmiş, tütünlə mübarizənin hüquqi, institusional və profilaktik aspektləri barədə ətraflı məlumat vermişlər. Çıxışlarda xüsusilə qeyd olunmuşdur ki, tütün istifadəsi qeyri-infeksion xəstəliklərin əsas risk faktorlarından biri olmaqla yanaşı, ictimai sağlamlıq üçün ciddi sosial-iqtisadi yük yaradır.
Tədbir çərçivəsində sağlamlıq determinantlarının kompleks şəkildə dəyərləndirilməsi, risk faktorlarının azaldılması və maarifləndirmə tədbirlərinin gücləndirilməsinin vacibliyi vurğulanmışdır. Eyni zamanda, gənclər arasında sağlam həyat tərzinin təşviqi, erkən profilaktika tədbirlərinin genişləndirilməsi və tütünə qarşı effektiv strategiyaların tətbiqi istiqamətində fikir mübadiləsi aparılmışdır.