1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Bakı Avrasiya Kolleci Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə həyata keçirilən “Zəfər Çiçəkləri” layihəsi çərçivəsində şəhid ailələrinin övladları üçün Kinderland əyləncə mərkəzinə ekskursiya təşkil olunub.

Layihənin əsas məqsədi şəhid ailələrinin övladlarına diqqət və qayğı göstərmək, onların asudə vaxtlarının səmərəli təşkilinə dəstək olmaq, həmçinin bayram sevincini onlarla bölüşməkdən ibarət olub. Tədbir çərçivəsində uşaqlar müxtəlif əyləncə proqramlarında iştirak edərək maraqlı və yaddaqalan anlar yaşayıblar.

Ekskursiyada şəhid övladları ilə yanaşı, Bakı Avrasiya Kolleci Tələbə Gənclər Təşkilatının könüllüləri də iştirak ediblər. Könüllülər təşkilati işlərdə fəal rol alaraq proqramın yüksək səviyyədə həyata keçirilməsinə öz töhfələrini veriblər.

Bakı Avrasiya Kolleci Tələbə Gənclər Təşkilatı gələcəyimizin təminatçıları olan uşaqların hər zaman diqqət və qayğı ilə əhatə olunmasının vacibliyini vurğulayır və bütün uşaqları 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edir, onlara sağlam, xoşbəxt və uğurlu gələcək arzulayır.