“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici təlim keçirilmişdir.
Təlimdə “Ahəng Psixologiya Mərkəzi”nin rəhbəri ailə və uşaq psixoloqu, təlimçi Vüsalə Əmiraslanova və “Hüquqi, Sosial Araşdırmalar və Maarifləndirmə Mərkəzi”nin İdarə Heyətinin sədri, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Esmira Tağıyeva çıxış etmişlər.
Təlim çərçivəsində iştirakçılar üçün hüquqi maarifləndirmə, insan hüquq və azadlıqlarının qorunması, psixoloji sağlamlığın əhəmiyyəti, ailə institutunun möhkəmləndirilməsi, sağlam ünsiyyət bacarıqları, gənclərin sosial inkişafı və cəmiyyətin rifahına təsir edən digər aktual məsələlər barədə ətraflı məlumat verilmişdir. Natiqlər öz peşəkar fəaliyyətlərindən əldə etdikləri təcrübələri tələbələrlə bölüşərək, gündəlik həyatda qarşılaşdıqları hüquqi və psixoloji problemlərin həlli yolları haqqında tövsiyələr səsləndirmişlər.
Çıxışlar zamanı insan hüquqlarının mahiyyəti, vətəndaşların hüquq və vəzifələri, hüquqi savadlılığın artırılmasının vacibliyi, psixoloji sağlamlığın qorunması, ailədaxili münasibətlərdə qarşılıqlı hörmət və anlayışın rolu, eləcə də müasir dövrdə gənclərin üzləşdiyi sosial və psixoloji çağırışlar geniş şəkildə müzakirə olunmuşdur. Təlim iştirakçıları tərəfindən ünvanlanan suallar qonaqlar tərəfindən ətraflı cavablandırılmış, tələbələrlə səmimi və interaktiv fikir mübadiləsi aparılmışdır.
Tədbirin əsas məqsədi gənclərin hüquqi biliklərinin artırılması, onların insan hüquqları və azadlıqları sahəsində maarifləndirilməsi, hüquqi dövlət və vətəndaş cəmiyyəti prinsiplərinə bağlılığının gücləndirilməsi, həmçinin sosial məsuliyyət hissinin formalaşdırılması olmuşdur. Bununla yanaşı, tələbələrin psixoloji rifahının qorunması, sağlam ailə dəyərlərinin təbliği və cəmiyyətə faydalı, fəal və məsuliyyətli vətəndaş kimi yetişmələrinə dəstək göstərilməsi tədbirin prioritet istiqamətləri sırasında yer almışdır.
Təlim iştirakçılar tərəfindən böyük maraqla qarşılanmış, səsləndirilən fikir və tövsiyələr tələbələrin gələcək peşəkar və şəxsi inkişafı baxımından faydalı olmuşdur. Tədbirin sonunda qonaqlara göstərdikləri dəyərli töhfəyə, maarifləndirici çıxışlarına və tələbələrlə səmərəli fikir mübadiləsinə görə təşəkkürnamələr təqdim edilmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulanmışdır.