Bakı Avrasiya Kollecinin II kurs əyani və III kurs qiyabi tələbələri istehsalat təcrübələrini uğurla başa vuraraq nəzəri biliklərini praktikada tətbiq etmək, peşəkar bacarıqlarını inkişaf etdirmək və real iş mühitində dəyərli təcrübə qazanmaq imkanı əldə etdilər.
Təcrübə müddətində tələbələrimiz müəssisələrin gündəlik iş fəaliyyətində fəal iştirak edərək məsuliyyət hissini, komanda ilə işləmək, effektiv ünsiyyət, qərarvermə və problem həll etmə bacarıqlarını daha da inkişaf etdirdilər. Bu təcrübə onların gələcək peşə fəaliyyətinə mühüm töhfə verməklə yanaşı, əmək bazarının tələblərinə uyğun praktik bilik və bacarıqlar qazanmalarına şərait yaratdı.
İstehsalat təcrübəsinin səmərəli təşkili Bakı Avrasiya Kolleci üzrə təcrübə rəhbəri Esmira Kazımova tərəfindən koordinasiya olunmuş, tələbələrlə mütəmadi əlaqə saxlanılaraq, onlara zəruri metodiki dəstək göstərilmişdir. Eyni zamanda, hər bir müəssisə üzrə təcrübə bazasının rəhbərləri tələbələri peşəkar xidmətlə təmin etmişdir.
İstehsalat təcrübəsi keçirilən müəssisələr:
“Atəşgah Sığorta”
“Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu
“Milli Arxiv İdarəsi”
“İqtisadi Araşdırmalar Tədris Mərkəzi”
“Nərimanov Tibb Mərkəzi”
“Abşeron Şərab” ASC
“Azərenerji” ASC
“Era Finans”
Qeyd olunan müəssisələrdə Bakı Avrasiya Kollecinin Maliyyə işi, Mühasibat uçotu, Vergi işi, Bank işi, Sığorta işi, eləcə də Kargüzarlıq və arxiv işi üzrə təhsil alan tələbələri iştirak edərək ixtisaslarına uyğun praktiki bilik və bacarıqlarını inkişaf etdirmişlər.
Bakı Avrasiya Kolleci olaraq əməkdaşlıq etdiyimiz bütün müəssisələrə göstərdikləri dəstəyə və səmərəli əməkdaşlığa görə təşəkkür edir, tələbələrimizə gələcək təhsil və peşə fəaliyyətlərində uğurlar arzulayırıq!
Təcrübə – uğurlu karyeranın ən möhkəm başlanğıcıdır