Bakı Avrasiya Kolleci İnklüziv İncəsənət Sərgisində!

 

  Bəzən bir tədbir təkcə sərgi olmur, o, insan iradəsinin, ümidin və həyat eşqinin ən gözəl təcəssümünə çevrilir. “Biz Bir Ailəyik” Əlilliyi Olan Şəxslərə Dəstək İctimai Birliyinin təşkil etdiyi İnklüziv İncəsənət Sərgisi də məhz belə unudulmaz tədbirlərdən biri oldu.

  Bakı Avrasiya Kollecinin  inzibati rəhbər heyəti və bir qrup tələbəsi tədbirdə iştirak etdilər.

Sərgidə nümayiş olunan bir-birindən gözəl rəsm əsərləri, zövqlə hazırlanmış əl işləri və digər yaradıcı nümunələr qonaqların böyük marağına səbəb oldu. Hər bir əsər müəllifinin daxili dünyasını, istedadını və həyata bağlılığını əks etdirirdi.

 

   Tədbirin ən yaddaqalan anları isə səhnədə yaşandı. Bir-birindən maraqlı rəqs nömrələri, duyğulu musiqi ifaları və böyük hisslə səsləndirilən şeirlər iştirakçılara unudulmaz anlar yaşatdı. Bu möhtəşəm çıxışlar bir daha göstərdi ki, əlillik insanın arzularına, bacarığına və uğur qazanmasına maneə deyil.

Bu sərgi təkcə incəsənətin nümayişi deyil, həm də cəmiyyətə verilən mühüm bir mesaj idi: hər bir insana bərabər imkan yaradıldıqda o, öz potensialını ortaya qoya, cəmiyyətə fayda verə və başqalarına ilham mənbəyinə çevrilə bilər.

 

  Tədbirin ərsəyə gəlməsində “Biz Bir Ailəyik” Əlilliyi Olan Şəxslərə Dəstək İctimai Birliyinin sədri Günay Ağazadənin əməyi və fədakar fəaliyyəti xüsusi təqdirə layiqdir. Belə təşəbbüslər inklüziv cəmiyyətin inkişafına, humanizm və bərabərlik dəyərlərinin daha da möhkəmlənməsinə mühüm töhfə verir.