Bakı Avrasiya Kollecində I kurs tələbələrinin yeni tədris ili ilə bağlı Oriyentasiya Günü keçirilib. Tələbələrin kollecin tədris mühiti ilə tanışlığı və tələbəlik həyatına ilk addımlarını atması məqsədilə təşkil olunan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə Bakı Avrasiya Kollecinin direktoru Aytən Hüseynova, tədris işləri üzrə direktor müavini Paşa Məmmədov və Maliyyə-İqtisad şöbəsinin müdiri Anar Yusubov çıxış ediblər.

Çıxışlar zamanı tələbələrə kollecin fəaliyyəti, tədris prosesi və qarşıda duran imkanlar barədə məlumat verilib. Bildirilib ki, Bakı Avrasiya Kolleci tələbələrin yalnız bilik əldə etdiyi deyil, eyni zamanda öz potensiallarını kəşf etdikləri, bacarıqlarını inkişaf etdirdikləri və gələcək peşəkar həyatlarına inamla hazırlaşdıqları müasir təhsil mühitidir.

Tədbirdə tələbəyönümlü təhsil yanaşmasının, müasir tədris imkanlarının və peşəkar inkişaf üçün yaradılan şəraitin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, kollecin əsas məqsədlərindən biri müasir təhsil imkanlarını, peşəkar yanaşmanı və tələbəyönümlü mühiti bir araya gətirərək gələcəyin savadlı, bacarıqlı və rəqabətqabiliyyətli mütəxəssislərinin formalaşmasına töhfə verməkdir.

Oriyentasiya Günü yeni tələbələr üçün kollecin akademik və sosial mühiti ilə tanış olmaq, müəllim və rəhbərliklə ünsiyyət qurmaq, tələbəlik həyatına dair ilkin təsəvvürlər əldə etmək baxımından əlamətdar başlanğıc olub.

Yeni tədris ili Bakı Avrasiya Kollecinin bütün tələbələri üçün yeni biliklərin, yeni imkanların, gözəl xatirələrin və böyük uğurlara aparan addımların başlanğıcı olsun!