Bakı Avrasiya Kollecində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.

 Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 Tədbirin açılışında Bakı Avrasiya Kollecinin tədris işləri üzrə direktor müavini Paşa Məmmədov çıxış edərək 27 Sentyabr – Anım Gününün tarixi əhəmiyyəti, Vətən müharibəsi və şəhidlərimizin əziz xatirəsinin daim yaşadılmasının vacibliyi barədə məlumat verib.

Daha sonra Ümumtəhsil və Humanitar fənn birləşmə komissiyasının tarix müəllimi Günay Hüseyn çıxış edərək Vətən müharibəsi dövründə baş verən tarixi hadisələr, müharibənin gedişi və tarixi əhəmiyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Tədbirdə Bakı Avrasiya Kolleci Tələbə-Gənclər Təşkilatının sədri Ərəbli Surxay da çıxış edib. O, şəhidlərimizin Vətən uğrunda göstərdiyi fədakarlıqdan bəhs edib və 27 Sentyabr – Anım Gününə həsr etdiyi məqaləsini tədbir iştirakçılarına təqdim edib.

 Anım tədbirində şəhid ailələrinin üzvləri də iştirak ediblər. Tədbirin qonaqları sırasında şəhid Əliyev Elmir Süleyman oğlunun həyat yoldaşı Əliyeva Zümrüd xanım, şəhid Mirzə Axundovun həyat yoldaşı Sübnaz Axundova və şəhid Adil İbrahimlinin anası Aida İbrahimova yer alıblar.

Qeyd edək ki, şəhid Əliyev Elmir Süleyman oğlunun qızı Əlizadə Nurgül Bakı Avrasiya Kollecinin I kurs tələbəsidir. Nurgül şəhidimizin bizə əmanətidir və onun Kollecdə təhsil alması kollektivimiz üçün böyük qürur və eyni zamanda məsuliyyətdir.

Tədbirdə, həmçinin Bakı Avrasiya Kollecinin 2026-cı il məzunu, veteran Muradov Kənan iştirak edib. O, iştirak etdiyi döyüşlər və keçdiyi döyüş yolu barədə tədbir iştirakçılarına məlumat verib.

 Tədbirin sonunda 27 Sentyabr – Anım Gününə, Zəfər yoluna və şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

 Tədbir şəhidlərimizin əziz xatirəsinə dərin ehtiram ifadəsi ilə yekunlaşıb.

 Bakı Avrasiya Kolleci olaraq şəhidlərimizi dərin ehtiram və hörmətlə yad edir, onların əziz xatirəsini daim uca tuturuq.