Bakı Avrasiya Kollecində Bakı Avrasiya Kolleci Tələbə Gənclər Təşkilatının (BAAK TGT) təşkilatçılığı ilə “Sıfırdan biznes qurmaq: ideyanın reallaşdırılması yolları” mövzusunda maarifləndirici görüş keçirilib.

Layihə Career+ və Bakı Avrasiya Kolleci Tələbə Gənclər Təşkilatının birgə həyata keçirdiyi Strateji Biznes İnkişaf Proqramı çərçivəsində reallaşdırılıb.

Görüşün əsas məqsədi tələbələrdə sahibkarlıq düşüncəsini formalaşdırmaq, biznes quruculuğu sahəsində nəzəri və praktiki biliklərini artırmaq, eləcə də yeni ideyaların irəli sürülməsi və onların real layihələrə çevrilməsi istiqamətində bacarıqlarını inkişaf etdirmək olub.

Tədbirdə qonaq qismində iştirak edən Sakit Səmədov sıfırdan biznes qurmağın əsas mərhələləri, uğurlu biznes ideyasının müəyyənləşdirilməsi, bazar tələbatının araşdırılması, düzgün planlaşdırmanın əhəmiyyəti, maliyyə resurslarından səmərəli istifadə və sahibkarlıq fəaliyyətində qarşıya çıxan çətinliklərin aradan qaldırılması yolları barədə ətraflı məlumat verib.

Çıxışı zamanı Azərbaycanlı iqtisadçı alim, dosent, biznes eksperti və sahibkar Sakit Səmədov biznes ideyasının yalnız düşüncə səviyyəsində qalmamasının, düzgün strategiya, məqsədyönlü fəaliyyət və ardıcıl addımlar vasitəsilə reallaşdırılmasının vacibliyini vurğulayıb. O, həmçinin müasir sahibkarlıq fəaliyyətində innovativ yanaşmanın, təşəbbüskarlığın, çevik qərarvermə bacarığının və davamlı inkişaf prinsipinin əhəmiyyətinə diqqət çəkib.

Görüş interaktiv müzakirələrlə davam edib. Tələbələr onları maraqlandıran sualları ünvanlamaq, sahibkarlıq fəaliyyəti ilə bağlı fikirlərini bölüşmək və praktiki təcrübədən faydalanmaq imkanı əldə ediblər.

Tədbir tələbələr arasında sahibkarlıq mədəniyyətinin təşviqi, biznes sahəsinə marağın artırılması və gənclərin innovativ təşəbbüslərinin dəstəklənməsi baxımından əhəmiyyət daşıyıb.