Bakı Avrasiya Kolleci Tələbə Gənclər Təşkilatının (BAAK TGT) təşkilatçılığı ilə tələbələrin iştirakı əsasında Azərbaycan milli kinosunun klassik nümunələrindən biri olan “O olmasın, bu olsun” filminin nümayişi keçirilib.

Tədbirin əsas məqsədi tələbələrin asudə vaxtının səmərəli təşkil edilməsi, onların milli-mədəni irsimizə və Azərbaycan kinematoqrafiyasına marağının artırılması, eləcə də milli kino sənətimizin zəngin ənənələrinin gənc nəsil arasında təbliğ olunması olub.

Nümayiş çərçivəsində tələbələr Azərbaycan kino tarixində özünəməxsus yer tutan, Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında ekranlaşdırılmış “O olmasın, bu olsun” filmini izləyiblər.

Film vasitəsilə dövrün ictimai münasibətləri, milli adət-ənənələr, ailə dəyərləri və cəmiyyət həyatının müxtəlif aspektləri kino dili ilə tələbələrin diqqətinə çatdırılıb.