Bakı Avrasiya Kollecində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərdən Böyük Qayıdışa” adlı tədbir keçirilib. Xalqımızın qəhrəmanlıq salnaməsinə, milli birliyinə və Vətən sevgisinə həsr olunan tədbirdə şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, qazilərin və veteranların qəhrəmanlığı xüsusi vurğulanıb.
Bakı Avrasiya Kolleci, Tələbə Gənclər Təşkilatı və “Zirvə” Gənclərin İnkişaf Platformasının birgə təşkilatçılığı ilə baş tutan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə kollecin direktoru Aytən Hüseynova, tədris işləri üzrə direktor müavini Paşa Məmmədov, “Zirvə” Gənclərin İnkişaf Platformasının sədri Maqsud Əhmədzadə, Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı Oruc Məmmədov və Bakı Dövlət Universitetinin dissertantı, tarixçi Rasim Rzaxanov çıxış ediblər.
Çıxışlarda 8 Noyabr – Zəfər Gününün tarixi əhəmiyyəti, Azərbaycanın ərazi bütövlüyünün bərpasında xalqımızın birliyi, qəhrəman hərbçilərimizin fədakarlığı və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin rolu diqqətə çatdırılıb.
Tədbirin qonaqlarından biri olan Xüsusi Təyinatlı Qüvvələrin kiçik giziri, kəşfiyyatçı, qazi Məhəmməd Lazımov döyüş xatirələrini iştirakçılarla bölüşüb. Onun çıxışı tələbələr tərəfindən böyük maraqla qarşılanıb.
Həmçinin qazi məzunlar İlham Ağayev və Nahid Quluzadənin, veteranlar Şamxal Şamxallı, Nicat Xəlilov, Fikrət İsayev, Azad Əsgərov, Nahid Şabiyev, Rauf Quliyev və Həsən İbrahimovun, eləcə də qazi əməkdaş Sahib Həsənovun xidmətləri ehtiramla yad edilib. Qazi İlyas Əlizadənin anası, kollecin Tədris şöbəsinin müdiri Həyat Əliyevanın timsalında qəhrəman analara, şəhid bacısı və şəhid övladı olan tələbələrə xüsusi ehtiram ifadə olunub.
Tədbirin bədii hissəsində tələbələr 44 günlük Vətən müharibəsini əks etdirən səhnələşdirilmiş təqdimat nümayiş etdirib, Zəfər mövzusunda hazırladıqları rəsm əsərlərini təqdim edib, musiqi nömrələri və “Azərbaycan maralı”, “Yaylıq” rəqsləri ilə çıxış ediblər. “Zəfərin göz yaşları” adlı videoçarx isə iştirakçılarda dərin emosional təəssürat yaradıb.
Sonda tədbirin təşkilində və keçirilməsində əməyi olan tələbələrə, qonaqlara, qazilərə, veteranlara və kollektiv üzvlərinə təşəkkür bildirilib.
Bakı Avrasiya Kolleci şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə və veteranlarımıza möhkəm cansağlığı arzulayır.
Qarabağ Azərbaycandır! Zəfərimiz əbədidir!