Bakı Avrasiya Kollecində əcnəbi tələbələrin məlumatlandırılması və təhsil mühitinə uyğunlaşmalarının dəstəklənməsi məqsədilə maarifləndirici görüş təşkil olunub.
Görüşün əsas məqsədi tələbələri tədris prosesinin təşkili, kollecin daxili intizam qaydaları, eləcə də Azərbaycanın sosial və mədəni mühiti barədə məlumatlandırmaq olub.
Tədbirdə Maliyyə-İqtisad şöbəsinin müdiri Anar Yusubov çıxış edərək kollecin fəaliyyəti, davamiyyət və imtahan qaydaları haqqında ətraflı məlumat verib. O, həmçinin tələbələrin təhsil imkanları və gələcək perspektivləri barədə danışıb.
Daha sonra tələbələrə elektron jurnal və şəxsi kabinetdən istifadə qaydaları, müəllimlərlə düzgün ünsiyyət, davranış normaları və kollecin daxili nizam-intizam tələbləri izah olunub.
Daxili Keyfiyyət Təminatı və Monitorinq şöbəsinin əcnəbi tələbələrlə iş üzrə mütəxəssisi Çinarə Musayeva isə tələbələrin qeydiyyatı, sənədləşmə prosesi və digər inzibati məsələlərlə bağlı ətraflı məlumat təqdim edib, onları maraqlandıran məsələlərə aydınlıq gətirib.
Görüş çərçivəsində Azərbaycan xalqının milli-mədəni dəyərlərinin və adət-ənənələrinin tanıdılması məqsədilə “Azərbaycan ailəsində bir gün” adlı videoçarx nümayiş etdirilib. Videoçarx əcnəbi tələbələr tərəfindən maraqla qarşılanıb və onların ölkəmizin milli-mədəni irsi ilə daha yaxından tanış olmalarına imkan yaradıb.
Maarifləndirici görüş əcnəbi tələbələrin Bakı Avrasiya Kollecinin təhsil mühitinə uyğunlaşması, tədris prosesinin xüsusiyyətləri ilə yaxından tanış olması və Azərbaycan cəmiyyətinə inteqrasiyası baxımından əhəmiyyətli olub.