Bakı Avrasiya Kollecində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının iştirakı ilə tələbələr üçün maarifləndirici görüş təşkil olunub.

Görüşdə Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun məsul əməkdaşı, hüquq elmləri üzrə fəlsəfə doktoru Vasif Quliyev, Bakı Şəhəri Narkoloji Mərkəzin həkim-narkoloqu Günay Əliyeva və Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Natiq İsbatov iştirak ediblər.

Tədbirin əsas məqsədi tələbələrin narkomaniyanın yaratdığı təhlükələr barədə məlumatlılığını artırmaq, onları zərərli vərdişlərdən çəkindirmək, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquqi məsuliyyət barədə maarifləndirmək, sağlam həyat tərzini təşviq etmək və gənclərdə bu istiqamətdə fəal vətəndaş mövqeyi formalaşdırmaq olub.

Çıxışlar zamanı narkomaniyanın insan sağlamlığına, ailə institutuna və bütövlükdə cəmiyyətə vurduğu zərərlər ətraflı izah edilib. Eyni zamanda, narkotik vasitələrin istifadəsi və qanunsuz dövriyyəsi ilə bağlı hüquqi məsuliyyət, asılılığın qarşısının alınması yolları və profilaktik tədbirlərin əhəmiyyəti diqqətə çatdırılıb.

Görüş interaktiv formatda davam edib, tələbələrin mövzu ilə bağlı sualları qonaqlar tərəfindən cavablandırılıb, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Belə maarifləndirici tədbirlərin keçirilməsi gənclərin sağlam həyat tərzinə təşviqi, zərərli vərdişlərdən qorunması və narkomaniyaya qarşı mübarizədə ictimai məsuliyyət hissinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.