Bakı Avrasiya Kollecinin inzibati heyətinin nümayəndələri və Maliyyə işi, Sığorta işi ixtisaslarının II kurs tələbələri Hazel kafedə tanınmış iqtisadçı alim, dosent, biznes eksperti, sahibkar və müəllim, Destec Group-un Müşahidə Şurasının sədri Sakit Səmədovla işgüzar görüş keçiriblər.

Görüşün diqqətçəkən məqamlarından biri tələbələrin şəxsi inkişaf və peşəkar fəaliyyət təcrübələrini bölüşməsi olub. Hələ II kursda təhsil almalarına baxmayaraq, tələbələrimizin bir çoxu artıq müxtəlif sahələrdə fəal çalışır, nəzəri biliklərini praktiki təcrübə ilə möhkəmləndirirlər. Onların arasında satış təmsilçiləri, satış mütəxəssisləri, sosial media menecerləri, sığorta ekspertləri, rus dili üzrə hazırlıq müəllimləri və digər sahələrdə fəaliyyət göstərən gənclər var.

Tələbələrin erkən yaşlardan əmək fəaliyyətinə başlaması onların peşəkar bacarıqlarının inkişafına, iş mühitinə uyğunlaşmasına və gələcək karyera imkanlarının genişlənməsinə mühüm töhfə verir. Eyni zamanda, qazandıqları təcrübə onların peşəkar portfoliolarını və CV-lərini zənginləşdirir.

Sakit Səmədov tələbələrin hər birini diqqətlə dinləyərək onların ideya və hədəfləri ilə tanış olub, öz biznes və sahibkarlıq təcrübəsini bölüşüb, peşəkar inkişaf istiqamətləri üzrə tövsiyələr verib. O, həmçinin yeni əlaqələrin qurulması, əməkdaşlıq imkanlarının yaradılması və tələbələrin biznes təşəbbüslərinin inkişaf etdirilməsi istiqamətində dəstək göstərməyə hazır olduğunu bildirib.

Görüşdə kollecin tədris işləri üzrə direktor müavini Paşa Məmmədov, Daxili Keyfiyyət Təminatı və Monitorinq sektorunun müdiri Leyla Hümbətli, təcrübə rəhbəri Esmira Kazımova, qeydiyyat üzrə baş mütəxəssis Xəyalə İsmayılzadə və tədris işləri üzrə baş mütəxəssis Müjgan Abdullayeva da iştirak ediblər.

Görüş çərçivəsində kollecin inzibati və akademik heyət nümayəndələri tələbələrlə gələcək karyera hədəfləri, yeni ideyaların reallaşdırılması, əmək bazarının tələbləri və peşəkar inkişaf imkanları ətrafında fikir mübadiləsi aparıblar. Tələbələrin təşəbbüslərinin dəstəklənməsi və onların uğurlu karyera yoluna istiqamətləndirilməsi ilə bağlı dəyərli təkliflər səsləndirilib.

Bakı Avrasiya Kollecinin əsas hədəflərindən biri yalnız nəzəri biliklərə yiyələnən deyil, həm də təşəbbüskar, praktiki bacarıqlara malik, müasir əmək bazarının tələblərinə cavab verən və gələcəyini bu gündən formalaşdıran mütəxəssislər yetişdirməkdir.