Kollecin 3-cü məzun ilində 5 ixtisas üzrə 200-ə yaxın tələbə kolleclə vidalaşıb.
Tədbirdə BAAU-nin rektoru professor Nazim Hüseynli, kollecin direktoru Aytən Hüseynova, millət vəkilləri-Aydın Mirzəzadə, Hikmət Babaoğlu, Bakı Yunus Əmrə İnstitutunun direktoru Selçuk Karakılıç və digər qonaqlar, tələbələr, müəllim kollektivi iştirak edib.
Məzun gününə xüsusi hazırlaşan tələbələr həm yeni və müstəqil həyata qədəm qoymaları, həm də tələbəlik illərində qazandıqları bilik və bacarıqları bölüşmək həvəsi üçün sevincli olduqlarını qeyd ediblər. Tədbirdə təhsildə fərqlənən tələbələrə fəxri fərmanlar verilib. Daha sonra məzun günü ənənəsinə uyğun olaraq, tələbələr papaqlarını göyə atıblar. Məzun günü ilə bağlı hazırlanan tədbir musiqi və əyləncə proqramı ilə davam edib.